Dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində Azərbaycan neft gəlirlərinin kəskin azalması ilə üzləşdi və bu, ilk növbədə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalması ilə nəticələndi. 2015-ci ildə milli valyutanın kəskin devalvasiyaya məruz qalması və dəyərini iki dəfəyədək itirməsi iqtisadi durumu ağırlaşdırdı.
2016-cı il ərzində manatın məzənnəsinin tədricən azalması prosesi davam etdi. Hökumət ölkədə qeyri-neft sektorunun inkişafı, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, yerli istehsalın himayə edilməsi istiqamətində bir sıra addımlar atsa da, ümumən sistemli iqtisadi islahatlara başlanılmadı. 2016-cı ildə ölkə iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı strateji yol xəritələrinin hazırlanması üzərində işlər aparıldı və ilin sonuna müvafiq sənədlər təsdiq olundu. 2017-ci il həmin sənədlərin icrasına başlanılması, yəni ölkədə geniş miqyaslı iqtisadi islahatlara başlanılması gözlənilir. Bu baxımdan 2017-ci il üçün dövlət büdcəsi ictimaiyyət üçün böyük maraq doğurur.
Təsadüfi deyil ki, dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsü hesab olunur. Bu baxımdan 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinin təhlili hökumətin gələn il üçün müəyyən etdiyi və həyata keçirməyə hazırlaşdığı iqtisadi siyasəti qiymətləndirməyə imkan verir.
Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar. Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib.
Rəy dövlət maliyyə siyasətində və büdcə müzakirələrində ictimai iştirakçılığı genişləndirmək, büdcə siyasətinin hazırlanması və həyata keçirilməsinə vətəndaş cəmiyyətinin töhfəsini artırmaq və 2017-ci ilin dövlət büdcəsini geniş ictimaiyyətə izah etmək məqsədiylə işlənilib.
Rəyin mətbuatda dərc edilməsi, habelə hökumətin müvafiq qurumlarına göndərilməsi nəzərdə tutulur.